Azərbaycan daha bir ölkədən alüminium oksidi tədarük etməyə başlayıb
- 25 avqust, 2023
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 29,2 milyon ABŞ dolları dəyərində 63 min 232 ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 84 % çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 13,3 milyon ABŞ dolları dəyərində 28 min 806 ton, Yamaykadan 9 milyon ABŞ dolları dəyərində 20 min 74 ton (1 il 5 aydan sonra tədarük bərpa edilib), Avstraliyadan 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % azdır) 14 min 274 ton (-54 %), Türkiyədən 35 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 72,1 ton (+2,9 dəfə), Fransadan 16,5 min ABŞ dolları dəyərində (+4 dəfə) 1,1 ton (+3 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan tədarük həyata keçirilib.