Azərbaycan avtomobil istehsalını 10 %-dən çox azaldıb
- 15 dekabr, 2022
- 06:47
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 812 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 216 ədəd və yaxud 10,7 % az minik avtomobili istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu il dekabrın 1-nə ölkədə 180 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə ölkədə 466,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73,9 %, maşın və avadanlıqların istehsalı isə 46,9 % artıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 556 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 8,9 % azdır. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 18 ədəd hazır məhsul ehtiyatı yaranıb.