"Araz Vadisi İqtisadi Zonası"nda topoqrafik və mühəndis-geoloji tədqiqat işləri yekunlaşıb

"Araz Vadisi İqtisadi Zonası"nda topoqrafik və mühəndis-geoloji tədqiqat işləri yekunlaşıb "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam yekunlaşıb.
Sənaye
6 May , 2023 17:41
Araz Vadisi İqtisadi Zonasında topoqrafik və mühəndis-geoloji tədqiqat işləri yekunlaşıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam yekunlaşıb.

"Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov bildirib.

"Hazırda Parkda inzibati bina tikilir, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmiryolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir", - deyə o qeyd edib.

E.Ziyadov xatırladıb ki, "Araz Vadisi İqtisadi Zonası" Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ile 200 hektar ərazidə yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan ve pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və. s. təşkili müəyyənləşdirilib.

Onun sözlərinə görə, Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir: “İlk olaraq Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq burada mobil tipli şəhərcik salınıb. Mobil şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik (1 oturum) yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, çamaşırxana, bərbarxana, sanitar qovşağı və nəzarət buraxılış məntəqəsi tam quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sanaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir”.

"Araz Vadisi Iqtisadi Zonası" Sənaye Parkına sahibkarlar böyük maraq göstərirlər. Artıq 5 sahibkarlıq subyekti rezident kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Onların layihələrinin reallaşdırılması nəticəsində Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən artıq daimi iş yeri yaradılacaq", - deyə E.Ziyadov əlavə edib.

Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə "Araz Vadisi İqtisadi Zonası sənaye parkında bir müəssisəyə baxış keçirilib, üç müəssisənin təməli qoyulub. Bunlardan biri "Holcim Azərbaycan" ASC-nin Sənaye Parkının 5 hektar ərazisində inşa edəcəyi, əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod, eləcə də sement satışı üzrə terminaldır. İnvestisiya dəyəri 3,74 milyon manat olan müəssisədə 25 nəfər insanın daimi işlə təmin olunması planlaşdırılır. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Digər rezident - "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC isə Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 7,31 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnikaların və metal məmulatların istehsalı müəssisəsi yaradacaq və 124 nəfəri işlə təmin edəcək. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

"Az-Tex-Import" MMC isə Sənaye Parkının 2 hektar ərazisində investisiya dəyəri 3,8 milyon manatdan çox olan "Yük avtomobilləri texniki servis xidmətlərinin göstərilməsi layihəsi" həyata keçirəcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin istehsal yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 20 nəfər işlə təmin ediləcək.

Bundan başqa, KİV nümayəndələri Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 5 oktyabr 2021-ci ildə təməli qoyulmuş "Avto Lizinq Azərbaycan" MMC-nin texniki servis mərkəzinin tikintisi işləri prosesi ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, ümumi investisiya dəyəri 10,2 milyon olan müəssisənin inşaasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi