İqtisadiyyat Nazirliyinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 67 milyon manatdan çox investisiya yatırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu nazirliyin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Hazırda Sənaye Parkının 10 rezidenti və 1 qeyri-rezidenti var. Bu günə qədər onlar 10 milyon manata yaxın investisiya yatırıb və ümumilikdə 700-dən artıq daimi iş yeri yaratmağı nəzərdə tutur. Bu il ərazidə bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı) fəaliyyətə başlaması planlaşdırılır. Hazırda “Araz Vadisi İqtisadi Zonası”nda infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır", - deyə o qeyd edib.