"Anglo-Asian Mining"in prezidenti şirkətə verdiyi kreditin müddətini uzadıb

"Anglo-Asian Mining"in prezidenti şirkətə verdiyi kreditin müddətini uzadıb Hazırda kreditin ödənilməyən hissəsi 3,9 mln. dollar təşkil edir
Sənaye
22 Dekabr , 2016 15:19
Anglo-Asian Miningin prezidenti şirkətə verdiyi kreditin müddətini uzadıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin prezidenti və baş icraçı direktoru (CEO) Reza Vəziri şirkətə verdiyi kreditin müddətini uzatmağa razılıq verib.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, R.Vəzirinin verdiyi kreditin məbləği 4 mln.dollar, müddəti gələn il yanvarın 8-dək olub. Hazırda kreditin ödənilməyən hissəsi 3,9 mln. dollar təşkil edir. Borcun illik dərəcəsi 10%-dir.

Bu kreditin müddətinin uzadılması üçün hazırda müzakirələr aparılır. Kreditin digər şərtlərinin əvvəlki kimi qalması gözlənilir.

Şirkətdən qeyd olunub ki, R.Vəzirinin borcunun uzadılması şərtləri və şirkətin digər borcları barədə şirkətin ilin yekunları ilə bağlı hesabatında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement, Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Şirkətin oktyabr ayındakı rüblük hesabatına görə, xalis borc III rübdə 7,6% azalaraq oktyabrın 1-i vəziyyətinə 37,7 mln. dollar təşkil edib.

Bu müddətdə şirkətin Azərbaycan Beynəlxalq Bankına (ABB) borcu 24% azalaraq 8,7 mln. dollar olub. "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu III rübdə 0,5 mln. dollar azalaraq oktyabrın 1-nə 0,9 mln. dollara enib.

Şirkətin "PAŞA Bank" ASC-yə borcu isə 0,9 mln. dollar artaraq 3,3 mln. dollardan 4,2 mln. dollara yüksəlib.

Şirkətin eyni zamanda Amsterdam Ticarət Bankına 19,7 mln.dollar, "Atlas Copco"ya 1 mln.dollar borcu var.

Son xəbərlər

Orphus sistemi