“Son illər Azərbaycanda yaradıcılıq sənayesi inkişaf etməkdədir və Mədəniyyət Nazirliyi bunu priorotet sahə kimi görür”.
“Report” xəbər verir ki, bunu nazir Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə bildirib.
“Artıq beynəlxalq aləmdə bu sahəyə böyük diqqət var. Hesab edirəm ki, Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Biz yaradacılıq sənayesinin inkişafı üçün qanunvericiliyin təkmilləşdirilməsini nəzərdən keçiririk. O cümlədən boşluqların aradan qaldırılması, əqli mülkiyyət mexanizmlərinin tətbiq edilməsi, statistik məlumatların bazalarının (data) yaradılması çox önəmlidir”, - deyə o, qeyd edib.
"Bizdə olan məlumata görə, yaradıcılıq sənayesinin ölkənin ümumi daxili məhsulunda (ÜDM) payı təxminən 1-2%-dir. Hesab edirəm ki, bu rəqəm 10%-ə qədər ola bilər. Dataların toplanması məsələsində fəaliyyətimizi daha da gücləndirməliyik. İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığımız nəticəsində 2030-cu il üçün Milli Prioritetlər üzrə alt məqsədlər arasında yaradıcılıq səneyasinin inkişaf etdirilməsi də var", - deyə A.Kərimov əlavə edib.