Alüminiumun qiyməti son üç ildə ən yüksək səviyyəyə yüksəlib.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, London Metal Birjasında (LME) üç ay sonra tədarük olunacaq alüminiumun bir tonunun qiyməti 1 faiz artaraq 2 471,5 dollara yüksəlib. Bu, 2018-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.
Qiymət artımı Çin və Avstraliya arasındakı münasibətlərdə yaranmış gərginliklər səbəbindən baş verib.
Belə ki, çərşənbə axşamı Çinin İslahat və İnkişaf üzrə Dövlət Komitəsi bildirib ki, avstraliyalı rəsmilərin ideoloji qərəzləri səbəbindən Çin Avstraliya ilə strateji və iqtisadi dialoq çərçivəsində bütün fəaliyyətləri dayandıracaq.
Çin təmizlənmiş alüminiumun əsas idxalçısıdır, Avstraliya isə boksitin və giltorpağın – yəni alüminium istehsalında istifadə olunan xammalın əsas ixracatçısıdır.
“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin baş iqtisadçısı Yantin Çjou (Yanting Zhou) isə hesab edir ki, Çinin Avstraliyadan xammal idxalını qadağan etməsi ehtimalı azdır, çünki onların iqtisadiyyatı bu xammaldan asılıdır.