İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Ağdam Sənaye Parkı və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlardan daxil olmuş təxminən 20 layihəyə baxır.
“Report”un əldə etdiyi məlumata görə, həmin layihələr havalandırma sistemləri, yanğınsöndürmə avadanlıqları və metal məmulatların istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras, yumşaq mebellərin (divanların və kresloların), kanalizasiya və içməli su borularının istehsalı ilə bağlıdır.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Artıq ərazinin 74 hektarı minalardan təmizlənib, burada mobil şəhərcik salınıb, rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, abadlıq işləri görülüb. Parkda 30-dan çox rezidentin qeydiyyata alınması və 100 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə 200 hektar ərazidə yaradılıb. Artıq ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın günlərdə burada mobil şəhərciyin salınmasına başlanılacaq.