Yuxarı

Tibb Universitetində Autizm Gününə həsr olunmuş tədbir keçirilib

Belə uşaqlara və ailələrə hər zaman köməklik edilməlidir

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 2 Aprel - Ümumdünya Autizm Gününə həsr olunmuş “1-ci Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan Klinikanın direktoru Surxay Musayev autizmli uşaqlara diqqət və qayğı göstərmənin vacibliyindən danışıb.

O bildirib ki, belə uşaqlara və ailələrə hər zaman köməklik edilməlidir: "Çünki bu uşaqlar cəmiyyətimizdən özlərini bir növ təcrid olunmuş kimi hiss edirlər, biz həkimlər və eləcə də cəmiyyətimiz onların bu fikrə düşmələrinə icazə verməməliyik. Belə uşaqlar dövlətimizin də diqqət və qayğısındadır. Mən deyərdim ki, bu gün autizmli uşaqlara dəstək və onlar üçün görülən işlər əsl xeyirxahlıq nümunəsidir".

S.Musayev daha sonra autizmin müalicə və reabilitasiyası ilə məşğul olan mərkəzlərin mütəxəssislərinə və autizmli xəstələrin valideynlərinə Klinikanın fəaliyyətindən də söz açıb: “Klinikamız 2011-ci il sentyabrın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə universitetin klinikası kimi fəaliyyətə başlayıb. Burda çox peşəkar həkimlərimiz və ölkənin professorları çalışır. Belə bir tədbirin Klinikamızda keçirilməsi istəyi xəbərini eşidəndə isə bunu çox yüksək qarşıladım. Düşünürəm ki, onların necə bir istedada sahib olduğu bəzi insanlara bəlli deyil. Ona görə də belə maarifləndirici tədbirlərin bir çox yerlərdə keçirilməsinə ehtiyac var. Nəticədə valideynlər də bu xəstəlik barədə daha çox məlumatlanmış olarlar və zamanında həkimə müraciət edərlər”.

Daha sonra çıxış edən Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri Gəray Gəraybəyli ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən sağlamlıq məsələlərinə çox böyük diqqət ayrıldığını deyib. G.Gəraybəyli bildirib ki, bütün insanlar bunun təkcə psixiatrik və pediatrik problem deyil, həm də cəmiyyətimizin ümumi problemi olduğunu bilməlidirlər.

Sonra ATU-nun psixiatriya kafedrasının assistenti Dr.İkram Rüstəmov “Autizmə müasir baxış” mövzusunda çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi