Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib - FOTO

Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib - FOTO Press-turda iştirak edən KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olublar, həkimlərlə söhbətləşiblər
Sağlamlıq
10 İyun , 2016 11:27
Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib - FOTO

Bakı. 10 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Göyçay, Ağdaş və Ucar rayonlarına press-tur təşkil edib. 

“Report” xəbər verir ki, press-turda iştirak edən KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olublar, həkimlərlə söhbətləşiblər. 

Media nümayəndələrinin baş çəkdikləri ilk ünvan olan Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov bildirib ki, əsaslı təmir və yenidənqurma işlərindən sonra 2015-ci ildə istifadəyə verilən 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinikaya gün ərzində 1000-dən çox insan müraciət edir: “Müraciətlər əsasən tənəffüs orqanlarında yaranan problemlər, ürək xəstəlikləri və şəkərlə bağlıdır. Zərdab, Ucar, İsmayıllı və digər yaxın rayonlardan bizim xəstəxanaya müraciət edənlərin sayı daha çoxdur. Çünki xəstəxanamız ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib”.

F.Zeynalovun sözlərinə görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasında və poliklinikada, ümumilikdə rayonda 1 001 tibb işçisi fəaliyyət göstərir: “Mərkəzi xəstəxanada 200, ambulator poliklinika sistemində 60 həkim əhaliyə xidmət göstərir”.

Baş həkim vurğulayıb ki, xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir: "Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var".

Press-tur iştirakçıları Göyçaydan sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasında olublar.  

Xəstəxananın baş həkimi Nuru Nuryev deyib ki, 2011-ci ildə istifadəyə verilən 6 şöbədən ibarət müalicə ocağına ətraf bölgələrdə yaşayan insanlar da müraciət edirlər. Onun sözlərinə görə, 100 çarpayılıq xəstəxana qəbul, təcili təxirəsalınmaz tibbi yardım, 60 yerlik hemodializ, diqanostika, anestizialogiya və reanimasiya, cərrahiyyə, konsultativ poliklinika şöbələrindən, klinik laboratoriya və yardımçı binalardan ibarətdir: "Təxminən 105 min yerli əhali və 3400 məcburi köçkünə səhiyyə xidməti göstərən xəstəxanada müasir tibb avadanlığı quraşdırılıb. Kompyuter tomoqrafiya, mamaqraf, rəqəmsal rentgen, reanimasiya aparatları var. Təcili yardım şöbəsinin özündə ayrıca reanimasiya və əməliyyat otaqları fəaliyyət göstərir. Poliklinikanın travmotoloq, stomatoloq, lor, dəri-zöhrəvi və cərrahiyyə otaqlarında da əhaliyə yüksək səviyyəli xidmət göstərilir”.

N.Nuriyev vurğulayıb ki, xəstəxanada ilk dəfə istifadəyə verilən hemodializ şöbəsinin imkanlarından yerli əhali ilə yanaşı Mingəçevir, Yevlax, Goranboy, Zərdab, Göyçay, Ucar rayonlarının dializ qəbul edən xəstələri də yararlanırlar: “Hazırda 61 xəstə hemodializ qəbul edir. Onun 28-i Ağdaş rayonun sakinidir. Həmin xəstələrdən ikisi uşaqdır. 33 nəfəri isə digər rayonların sakinləridir”.

Jurnalistlər daha sonra Ucar Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə tanış olublar. 

Xəstəxananın baş həkimi Zeynal Bayramlı deyib ki, rəhbərlik etdiyi tibb müəssisəsi 110 çarpayılıqdır: “Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası var. Bura tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təchiz olunub”.

Baş həkim əlavə edib ki, xəstənada hazırda 85 həkim çalışır: “Lakin yenə də vakant yerlərimiz var. Hər il 5-6 həkim işə qəbul edirik”.

Qeyd edək ki, regionların inkişafı sahəsində qəbul edilən Dövlət Proqramı çərçivəsində rayonlarda fəaliyyət göstərən tibb müəssisələri yeni tibbi avadanlıq, sarğı və dərman preparatları ilə tam təmin olunurlar.

Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilərək istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi