Bakı. 26 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb.
"Report" xəbər verir ki, muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. Sığorta olunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcək. Sığorta olunanlar 6 aydan bir ümumi müayinələrə cəlb olunmaları, peyvənd təqvimi və dispanser nəzarəti barədə “Naxtel 4G” mobil rabitəsi üzərindən SMS vasitəsilə məlumatlandırılır.
İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələri - Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası və Kardioloji Mərkəz kompüter və barkod oxuyucularla təmin edilib, qeydiyyat məntəqələri yaradılıb. İcbari tibbi sığorta və səhiyyə maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları hazırlanıb. İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.
Ali Məclisin sədri muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılmasının, yeni texnologiyaların tətbiqinin və fiberoptik xətlərin çəkilməsinin icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açdığını bildirib, tibbi sığorta üzrə maarifləndirmə işlərinə və seminarların keçirilməsinə diqqət yetirilməsi, həkimlərin təkmilləşmə kurslarında iştirakı, tibbi sığorta olunanların həkim göstərişi əsasında müayinələrinin təşkili, həkimlərin əmək haqqının artırılması, eləcə də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə tapşırıqlar verib.