​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru: “Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik”

​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru: “Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik” “İcbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq”
Sağlamlıq
5 Dekabr , 2015 09:17
​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru: “Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik”

Bakı. 5 dekabr. REPORT.AZ/ “Bu gün artıq Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların maneəsiz tam tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır”. “Report”un xəbərinə görə, bunu rəsmi olaraq, “Azərbaycan” qəzetinə müsahibəsində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O bildirib ki, qarşıdan gələn 2016-cı il agentliyin fəaliyyəti üçün mühümdür: “İlk növbədə, agentliyin tam fəaliyyətə başlaması üçün təşkilati-quruculuq məsələləri öz həllini tapmalı, kadr heyəti toplanmalıdır. Biz hazırda bu işləri paralel görürük və aktiv şəkildə bu sahə üzrə güclü mütəxəssislərin cəlb olunması ilə məşğuluq. Gələn ili tibbi sığortanın tətbiqinə hazırlıq mərhələsi də adlandırmaq olar. Hazırlıq mərhələsində maliyyələşmənin necə həyata keçiriləcəyi, vəsaitlərin toplanması, əsas xidmət paketinin tərkibi, vahid qiymət cədvəli müəyyən ediləcək. Bununla yanaşı, əhalinin qruplara bölünməsi, iqtisadi fəal olan əhalinin, uşaqların, əlillərin, pensiyaçıların, dövlət və özəl sektorda işləyənlərin sayı məlum olacaq. 2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanacaq. Mətbuatda icbari tibbi sığorta üzrə pilot layihənin rayonlardan birində tətbiq ediləcəyi haqda xəbərlər dərc edilib. Bununla bağlı dəqiqləşmə aparmaq istərdim. Qeyd edim ki, biz xarici təcrübəni araşdıranda icbari tibbi sığorta üzrə pilot layihələrində müxtəlif hədəf qruplarının seçildiyini gördük. Onlardan biri də peşə sahibləri idi. Hazırda araşdırmalarımız davam edir. Yəni ola bilər ki, icbari tibbi sığorta üzrə pilot layihə rayonlardan birində və yaxud hər hansı peşə işçiləri arasında tətbiq olunsun. Biz hər iki pilot layihənin müsbət və mənfi cəhətlərini qiymətləndirib qərar verəcəyik. Əlbəttə ki, qanunvericilikdə dəyişiklik seçilən modeldən asılı olacaq. Pilot layihədən sonra zəif, güclü tərəflər qiymətləndirilir və prosesin bütün ölkədə həyata keçirilməsinə qərar verilir. Hazırlıq mərhələsində xarici ölkələrdən ekspertlərin cəlb edilməsi də nəzərdə tutulur. Yeri gəlmişkən, Türkiyədə sosial tibbi sığorta sisteminin qurucusu və ilk baş direktoru Sami Türkoğlu bu günlərdə Bakıda səfərdə olub. Onunla bu mövzuda geniş müzakirələr aparılıb”.

Z.Əliyev bildirib ki, icbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir: “Sadəcə, icbari tibbi sığortanın tətbiqi bu islahatlara təkan verəcək və ya hansı sahədə islahatların aparılmasının zəruriliyi önə çıxacaq. Bəli, bu gün səhiyyə sistemi 32 min həkim, 56 mindən çox orta tibb işçisi ilə prosesə hazırdır. Azərbaycanda kifayət qədər mütəxəssis var. Müqayisə aparsaq, görərsiniz ki, bu sahədə Avropa ölkələrindən geridə qalmırıq. Bir məqamı vurğulamaq yerinə düşər ki, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səhiyyə üzrə xidmətləri alan, tibb müəssisələrinin isə xidməti təklif edən rolunda çıxış etdiyini nəzərə alsaq, onda bizim agentliyin əsas məqsədinin sığortalıların keyfiyyətli, yüksək səviyyədə və operativ xidmət alması olduğu üzə çıxar. Ona görə də icbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq. Tibb müəssisələrinin marağında olacaq ki, xidmətlərin səviyyəsi yüksəldilsin. Biz dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik. Çünki rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq. Bu məqamda qeyd edim ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq.

Onu da bildirim ki, icbari tibbi sığortanın tətbiqi ən yaxşı xəstəxanalarla yanaşı, həkimləri də üzə çıxaracaq. Sığortanın tətbiqindən sonra ən yaxşı həkimləri, xəstəxanaları tanıtmaq daha asan olacaq. Artıq “Məsləhətli həkim tanıyırsan?” sualına daha müasir şəkildə cavab almaq mümkün olacaq. Təbii ki, həkimlər, xəstəxanalar yaxşıların siyahısına düşmək üçün keyfiyyətli xidmət göstərməyə çalışacaqlar. Həkimlər artıq yüksək məbləğdə gəliri açıq şəkildə qazanacaqlar. Xəstəsi çox olan həkimlərin qazancı da yüksək olacaq.

Aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək”.

Son xəbərlər

Orphus sistemi