Yay aylarında necə qidalanmalıyıq? - DİYETOLOQ MƏSLƏHƏTİ

Yay aylarında necə qidalanmalıyıq? - DİYETOLOQ MƏSLƏHƏTİ Hər fəslin özünəməxsus qida rasionu var. Yay aylarında daha çox maye qəbul edilməli və tərkibində suyu ehtiva edən ərzaqlarla qidalanmaya üstünlük verilməlidir.
Sağlamlıq
27 İyun , 2020 10:18
Yay aylarında necə qidalanmalıyıq? - DİYETOLOQ MƏSLƏHƏTİ

"Hər fəslin özünəməxsus qida rasionu var. Yay aylarında daha çox maye qəbul edilməli və tərkibində suyu ehtiva edən ərzaqlarla qidalanmaya üstünlük verilməlidir". 

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, həmin ərzaqlara meyvə-tərəvəzlər, göyərtilər və giləmeyvələr aiddir:

"May-avqust ayları giləmeyvələrin mövsümüdür. Ona görə də həmin meyvələrdən bol-bol qəbul edilməlidir. Eyni zamanda Günəşdən də bəzi vitaminləri almalıyıq. D vitamini orqanizmin hormonal sisteminə təsir edir və bununla da qanımızda serotonin hormonunun miqdarı arta bilir. Təsadüfi deyil ki, yay aylarında insanlar əylənir. Məhz bu baxımdan yay aylarında xeyli kilo vermək olur. Bunun üçün detox effektini sürətləndirən qida qrupuna üstünlük verilməlidir”.

L.Zülfüqarlı balıq məhsullarının insan orqanizminə müsbət təsirlərindən də danışıb. Onun sözlərinə görə, bəzi insanların "yay aylarında balıq yemək olmaz" fikirləri sadəcə yanlış mifologiyadır:

"Əslində, ilin bütün fəsillərində balıq yeyilə bilər. Balıq məhsullarında orqanizm üçün çox lazımlı vitaminlər var ki, onu da bütün fəsillərdə qəbul etməliyik. Həmçinin aktiv həyat tərzi üçün Günəş vannaları və oksigen terapiyaları da qəbul etmək lazımdır. Qəbul etməyəcəyimiz qida qrupu həmişə stabil olaraq qalır. Bunlara fastfood, qazlı içki, işlənmiş, süni qidalar, energetik içkilər aiddir. Yay aylarında energetik içkilərə tələbat artır. Bu da daha çox insan orqanizminin mayeni ifrazat orqanları vasitəsi ilə itirməsindən asılıdır. Yayda tər vəzləri də digər ifrazat orqanlarına qoşulur və orqanizmdəki mayenin çox hissəsi ifraz olunur. Buna görə də insanlar daha çox susayır. Bəzən energetik içkilərə susuzluğunu təmin etmək və ya enerji tələbatını ödəmək üçün ehtiyac yaranır. Burada bir məsələni xüsusi qeyd edim ki, energetik içkilərdən istifadə edənlər sanki bir labirintin içinə düşürlər. Çünki asılılıq böyük problemdir. Energetik içkilərdən asılılıq da pis vədişlər sırasına daxildir”.

Diyetoloq bildirib ki, bu asılılığa qalib gəlmək üçün mineral su qəbul etmək lazımdır: “Ümumiyyətlə, suyu təkcə susuzluğumuzun aradan qaldırılması üçün içmirik, suyu həm də həlledici olduğu üçün içirik. Orqanizmdəki bütün kimyəvi reaksiyalar suda həll olur. Ümumiyyətlə, orqanizmdə iki istiqamətdə vitaminlərin həllolma mexanizmi var. Yağda və suda həll olan vitaminlər. Suda həll olan vitaminlər bizim gündəlik ehtiyac duyduğumuz vitaminlərdir. Məsələn, qidanı qəbul edirik, amma su çatışmır deyə, vitaminlər həll olmur. Digər tərəfdən də su bədəndəki toksinləri qovmaq üçündür. Gündəlik su qəbulu vasitəsi ilə biz kalsium, maqnezium və digər vacib vitaminləri qəbul edirik. Amma insanlar bilməlidir ki, qaynadılmış su artıq ölü sudur. Yəni onun tərkibində orqanizm üçün lazım olan heç bir vitamin qalmır. Mənbəyini bildiyimiz, əmin olduğumuz təbii süfrə sularının tərkibində mikroorqanizmlər olmur, yəni filtirdən keçib və təmizlənib. Həmin suları içmək lazımdır”. 

Son xəbərlər

Orphus sistemi