"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur".
"Report" xəbər verir ki, bunu Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikincer Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
Onun sözlərinə görə, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: “Mən Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyini təmsil edirəm və deyə bilərəm ki, gördüyüm bu laboratoriyada ən qabaqcıl metodlardan istifadə olunur. Biz də Avstriyada eyni metodlardan və avadanlıqlardan istifadə edərək işimizi aparırıq. Bu böyük bir fürsətdir və əlbəttə ki, çox gözəl təəssürat bağışlayır. Düşünürəm ki, burada mükəmməl avadanlıq və metodlardan istifadə olunur”.
T.Kikincer vurğulayıb ki, belə laboratoriyaların fəaliyyəti ölkədə qida təhlükəsizliyinin təmin edilməsində böyük önəm daşıyır: “Ümidvaram ki, gələcəkdə biz sıx şəkildə birgə işləyə bilərik. Nəzərə alsaq ki, bizim apardığımız iş eynidir. Odur ki, laboratoriyaların inkişafı sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tuturuq”.