Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında Hepatit B xəstəliyinin yayılması halları azalıb

Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında Hepatit B xəstəliyinin yayılması halları azalıb Direktor müavini: “Son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilib”
Sağlamlıq
18 Yanvar , 2017 11:33
Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında Hepatit B xəstəliyinin yayılması halları azalıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Ötən il ölkə üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında deyib.

O bildirib ki, yenidoğulmuşların vərəm əleyhinə (BCG) peyvəndi ilə əhatə olunması 97,8 %, hepatit B peyvəndi ilə 98,0 %, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib.

Mərkəzin direktor müavininin sözlərinə görə, idarəolunan xəstəliklərdən 1995-cı ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda olub.

O əlavə edib ki, Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur: “Son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilib. 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq edilməsi bu gün Azərbaycanda, uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib”.

A.Əliyeva bildirib ki, 2016-cı ilin aprel ayından ölkənin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılıb, ikivalentli OPV vaksinin istifadəsinə başlanıb: "Vaksinlərin etibarlı saxlanması məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilib. Elektron səhiyyəni inkişaf etdirərək Sağlamlıq Kartı sistemi vasitəsi ilə peyvənd işinə nəzarəti gücləndirmək üçün hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb. Bakı şəhərində sinaqdan keçirilən proqramın bu ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi