Səhiyyə Nazirliyi I Avropa Oyunlarına dair fəaliyyətini açıqlayıb

Səhiyyə Nazirliyi I Avropa Oyunlarına dair fəaliyyətini açıqlayıb 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər "Qaynar xətt" xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər
Sağlamlıq
9 İyun , 2015 17:47
Səhiyyə Nazirliyi I Avropa Oyunlarına dair fəaliyyətini açıqlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi I Avropa Oyunlarına dair fəaliyyətini açıqlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək "Bakı 2015" ilk Avropa Oyunları çərçivəsində ölkəyə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə qərargah fəaliyyət göstərir.

Qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər "Qaynar xətt" xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər.

İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədilə Atletlər Kəndində müasir standartlara uyğun olaraq zəruri tibb avadanlıqlarla təchiz olunan poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçən yerli tibb mütəxəssisləri də tibbi yardım göstərəcəklər.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədilə Bakı şəhərində iki xəstəxana - Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 nəfər xüsusi təlim keçən tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara lazım olduğu halda tibbi xidmət göstərəcəklər.

İdmançılara və ölkəyə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir avadanlıqla təchiz edilən 100 ədəd təcili tibbi yardım maşını alınıb. Həmin maşınlar yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti (150 nəfər həkim və 150 nəfər feldşer) ilkin tibbi yardımın beynəlxalq standartları üzrə xüsusi təlimlərə cəlb edilib. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib.

Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün "Sağlam Bakı 2015 üçün hazır ol" adlı lifletlər hazırlanıb. Oyunlar zamanı ölkəmizin su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyalarına zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb və tibbi heyət üçün prosedurlar üzrə təlimlər keçirilib, həmçinin dövlət sanitariya xidməti tərəfindən ictimai iaşə və məişət obyektləri üzərində nəzarət təmin olunub.

Son xəbərlər

Orphus sistemi