Səhiyyə Nazirliyi COVID-19 viruslu xəstələrin görüntülü zənglər vasitəsilə məsafəli onlayn-diaqnostikasını aparmağa imkan verən yeni "Teletəbabət" layihəsinə start verib.
Nazirlikdən "Report"a verilən məlumata görə, pilot layihə sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.
Koronavirusla mübarizənin gücləndirməsi üzrə görülən tədbirlər sırasında bu yenilik son texnologiyaların təqdim etdiyi imkanlardan irəli gəlib.
"Teletəbabət" pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.
Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün “Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görünlülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.
Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə Səhiyyə Nazirliyinin "Teletəbabət" layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikaların ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.