İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
"Report" xəbər verir ki, tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.
Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair Ağdərə ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti gündə tibbi aksiya Tərtər rayonunda davam edib. Tədbir zamanı şəhid və veteran ailələri üçün ExoKQ, EKQ müayinələri, eyni zamanda rayon ictimaiyyəti üçün ürək sağlamlığı haqqında maarifləndirici tədbir təşkil olunub.
Ümumilikdə, iki gün davam edən aksiya zamanı 300-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.