Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) ilə Səhiyyə Nazirliyinin tabeliyində olan "Analitik Ekspertiza Mərkəzi" MMC satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələrinin dövriyyədən çıxarılması üçün birgə yoxlamalar aparacaq.
"Report" xəbər verir ki, bununla bağlı iki qurum arasında anlaşma memorandumu imzalanıb.
Sənədi AQTA-nın sədr müavini Balarəhim Quliyev və Mərkəzin direktoru Murad Süleymanov imzalayıb.
B.Quliyev deyib ki, memorandumun əsas məqsədi qanunvericilikdə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrin və hüquqların həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsinə birgə səy göstərilməsidir.
O əlavə edib ki, araşdırmalar nəticəsində Azərbaycanda dövriyyədə olan və ya idxal olunan 15 adda məhsulun insan sağlamlığına son dərəcə təhlükəli olması müəyyən olunub: "50 adda məhsul isə özünün xüsusiyyətləri və tərkibində olan ana maddə və yarımçıq vasitələrin dozalarına görə bioloji fəallığa malik qida əlavəsi deyil, dərman vasitəsi olduğu üzə çıxıb. Onların da idxalı dayandırılıb".
Sədr müavini qeyd edib ki, memoranduma əsasən, hazırda işçi qrup yaradılır: "Tədbirlər planı hazırlanır və yoxlamaların hansı formada keçirilməsi barədə qərar veriləcək".
"Analitik Ekspertiza Mərkəzi" MMC-nin direktoru Murad Süleymanov bilidirib ki, satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələri dövriyyədən çıxarılması üzrə birgə yoxlamaların aparılması, eyni zamanda mütəmadi monitorinqlərin aparılması qarşılıqlı əməkdaşlıq planlarına daxildir.
Qeyd edək ki, anlaşma memorandurumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, biloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlarına uyğun olaraq hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə işçi qruplarının yaradılması əsas istiqamətlərdən biridir.