ABŞ-da koronavirusun “omikron” ştammının yeni variantına yoluxma halları 18%-dək artıb.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Omikron” ştammının yeni alt növü ölkənin şimal-şərqində COVID-19-a yoluxma hallarının 50%-dən çoxunu təşkil edir. Bayram səyahətləri fonunda yoluxma halları artmağa davam edəcək”, - agentlikdən bildiriblər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi son bir həftə ərzində ölkə üzrə koronavirusa yoluxma hallarının 18,3%-ni “omikron”un yeni alt növünün təşkil etdiyini bildirib. Qeyd edək ki, bir həftə əvvəl bu göstərici 11,2% idi.
Mərkəzin məlumatına görə, XBB variantı hazırda ABŞ-ın şimal-şərqində dominantdır. Ölkənin digər bölgələrində bu, yoluxmaların 10%-dən azını təşkil edir.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus 2023-cü ildə COVID-19 və meymun çiçəyi ilə bağlı pandemiya statusunun ləğvinə ümid etdiyini bildirmişdi. Bundan əlavə, o, təşkilata üzv olan bütün ölkələrin səyləri nəticəsində koronavirusdan ölüm hallarını 90% azaltmağın mümkün olduğunu vurğulamışdı.