Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bəzən həyati vacib əməliyyatlar üçün növbəyə dayanan insanların dünyasını dəyişdiyini bildirib.
"Report"un məlumatına görə, komitə sədri TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı orqan transplantasiyası üçün müəssisələrin sayının artırılmasını vacib hesab edib.
Onun sözlərinə görə, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir: "TƏBİB buna hazır olmalıdır. Orqan transplantasiya üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbəyə gözləyə-gözləyə vəfat etməsinlər".