Kliniki Tibbi Mərkəzdə xroniki böyrək çatışmazlığına həsr olunan mətbuat konfransı keçirilib

Kliniki Tibbi Mərkəzdə xroniki böyrək çatışmazlığına həsr olunan mətbuat konfransı keçirilib Şöbə müdiri: "Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3 312 xəstəyə xidmət edir"
Sağlamlıq
27 İyul , 2017 14:31
Kliniki Tibbi Mərkəzdə xroniki böyrək çatışmazlığına həsr olunan mətbuat konfransı keçirilib
Report.az

Bakı. 27 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib ki, əvvəllər xəstələr hemodializ almaq üçün uzun məsafə qət edərək paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşirdilərsə, hazırda bir çox regionlarda hemodializ şöbələri açılaraq xəstələrin istifadəsinə təqdim edilib: "Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3 312 xəstəyə xidmət edir. Bunlardan 1329 nəfər Bakı şəhərində, 1983 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib".

Onun sözlərinə görə, 2017-ci ildə regionlardan Zərdab və Masallıda yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinci hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur: "Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəlində 3 saylı Şəhər Klinik Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib".

Şöbə müdiri deyib ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır: "Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur. Bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir. Hemodializlə müalicə - qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsidir. Qan dializator adlanan xüsusi filtrdən keçməklə orqanizmdə toplanmış azot qalıqlarından, artıq elektrolitlərdən, izafi mayedən təmizlənməklə yenidən xəstənin bədəninə qayıdır. Bu prosedur 3-4 saat davam edir. Müalicə həftədə üç dəfə olmaqla xəstənin yeganə müalicə üsulu olduğundan bütün həyatı boyu davam edir".

Son xəbərlər

Orphus sistemi