"Bir müddətdir koronavirusdan sağalanların sayında əvvəlki dövrlə müqayisədə azalma var".
Bunu “Report”a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, hazırda yoluxma sayında yenidən artım müşahidə edilir: “Əvvəldən də məlum idi ki, payız aylarında yenidən artım müşahidə ediləcək. Yəqin ki, bu artımlar hələ davam edəcək. Üzü yaya doğru azalma qeydə alına bilər. Hansı tempdə artım olacaq, rəqəmlərin mində qalacağı, ya sürətlə iki minlərə qədər qalxacağını dəqiq demək mümkün deyil. Hər halda keçən il və ondan öncəki ildəki qədər olmayacaq”.
İnfeksionist koronavirusa qarşı vaksinlərin ilk başlarda hansı dərəcədə qoruyuculuğu ilə bağlı insanlarda şübhələr olduğunu bildirib: “Sonradan araşdırmalarla məlum oldu ki, vaksinlər insanları virusa yoluxmadan və ağırlaşmadan kifayət qədər qoruyur. Son araşdırmalar artıq üçüncü dozanın (buster) da vacibliyini aydınlaşdırıb. Buster doza 19-20 dəfə ağırlaşma və ölüm hallarının qarşısını alır. Bu o deməkdir ki, üçüncü doza vaksin vurduranlarda ağırlaşma halları sıfıra yaxın olur. Bu, çox böyük nəticədir. Ümumiyyətlə, ücüncü dozanı CoronaVaxdan 3-4 ay sonra, Pfizerdən isə maksimum 6 ay sonra vurdurmaq lazımdır. Çünki ikinci dozadan 5-6 ay sonra insan xəstələnə və ağır keçirə bilər. Bu səbəbdən üçüncü dozanı vurdurmaq məsləhət görülür”.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev isə "Report"a açıqlamasında vurğulayıb ki, üçüncü dozanı ikinci dozanın üzərindən 6 ay və ya çox keçmiş şəxslər, 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olan şəxslər və yüksək risk qrupuna daxil olan sahələrdə işləyənlər (səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və.s) mütləq şəkildə peyvəndlənməlidir: "Dünya praktikasına əsasən, üçüncü doza vaksin olunmuş şəxslər arasında koronavirusun ağır keçirilməsi və ölüm halları aşağı düşüb. Bunları nəzərə alaraq və pandemiyanın hələ də davam etdiyini düşünərək mütləq şəkildə peyvəndləmə aparılmalıdır. Bəzən insanlar yanlış düşüncələrə qapılır ki, şəkər, allergiya varsa, ona peyvənd olmaz. Bunlar əsassızdır. Kəskin bir durum olmadığı halda mütləq peyvənlənmə aparılmalıdır. Bəzən birinci və ya ikinci dozadan sonra nadir də olsa, ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa, dünya praktikasında görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edə bilər. O, həkim komissiyası tərəfindən müayinə edildikdən sonra əks-göstəriş sertifikatının verilməsi üçün baxila bilər".