İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub.
"Report"un məlumatına görə, agentliyin İT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov bildirib ki, proqrama yeniliklər əlavə edilib.
O söyləyib ki, əvvəlki versiyada tətbiq yalnız koronavirus infeksiyası ilə bağlı funksiyalardan ibarət idi: "Vətəndaşlar proqrama müraciət etdikdə həkimin müəyyən etdiyi diaqnozları və tibb müəssisəsinin göstərdiyi xidmətləri görə biləcəklər. Eyni zamanda vətəndaşlar tibb müəssisəsinə edilən müraciətləri proqram vasitəsilə qiymətləndirə də biləcəklər".
N.Kərimov deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən həmin nəticələr əsasında tibb müəssisəsi və işçilər qiymətləndiriləcək: "Məqsəd elektron tibbi xidmətlərin əlçatanlığını təmin etmək və keyfiyyətin artırılmasıdır. Vətəndaş həmçinin laborator müayinələrin nəticələrini həmin proqramdan öyrənə biləcəklər".