"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, şəkərli diabet xəstələrində riski təyin edən əsas amillər yaşdır, qan şəkərinin və digər yanaşı xəstəliklərin olub-olmamasıdır: "Bu səbəbdən xəstəliyin nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləyə bilərik. COVID-19 prosesi zamanı, şəkərli diabet xəstələrimizə təcili bir problem olmadığı təqdirdə, gündəlik şəkər müayinələrini təxirə salmalarını tövsiyə edirik. Evdə qan şəkərini daha tez-tez izləmələri, kifayət qədər maye qəbul etmələri və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etmələri çox vacibdir. Pandemiya dövründə xəstələrimizin çoxu öz pəhrizlərinə uyğun qidalanmadıqları üçün çəki artımı ilə birlikdə yüksək şəkər, yüksək xolesterol və yüksək təzyiq görünür. Xəstələrimizə evin içərisində və ya varsa evin bağçasında gündə ən azı 5000 addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Pandemiya zamanı dərmanlarını kəsməmələrini və mütəmadi olaraq istifadə etmələrini tövsiyə edirik. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qızıl qaydalara əməl etməli və vaksinasiyada iştirak etməliyik".