Azərbaycanın energetika naziri dünyasını dəyişib - YENİLƏNİB

Azərbaycanın energetika naziri dünyasını dəyişib - YENİLƏNİB “Florence Nightingale” xəstəxanasına yerləşdirilən Natiq Əliyevin səhhəti qəflətən pisləşib
Sağlamlıq
9 İyun , 2017 11:41
Azərbaycanın energetika naziri dünyasını dəyişib - YENİLƏNİB

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

Bu barədə xəbəri “Report”a Energetika Nazirliyindən təsdiq ediblər.

Belə ki, “Florence Nightingale” xəstəxanasına yerləşdirilən N.Əliyevin səhhəti qəflətən pisləşib və 69 yaşlı nazir dünyasını dəyişib. Onun cənazəsi bugün Bakıya gətiriləcək.

Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləmişdir. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olmuşdur. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunub.

100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilib. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir. Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!


*** 10:52

İstanbul. 9 iyun. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir. Bu barədə "Report"un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti sabitləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 

Son xəbərlər

Orphus sistemi