Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.
Eyni zamanda çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.