Ekspert: "Vaksinasiya hamımız üçün yeganə xilas yoludur"

Ekspert: "Vaksinasiya hamımız üçün yeganə xilas yoludur" "Koronavirusla mübarizədə vaksinasiya əsas rol oynayır"
Sağlamlıq
12 Aprel , 2021 14:05
Ekspert: Vaksinasiya hamımız üçün yeganə xilas yoludur
Zaur Orucov

"COVID-19 xəstəliyinin bir il sonra bütün dünyada hələ də tüğyan etdiyi bir şəraitdə vaksinasiya koronavirusu həmişəlik məğlub etmək və normal həyata qayıtmaq üçün yeganə yoldur". Həkim-terapevt Zaur Orucov belə bir qənaətə gəlib.

O, “Report”a vaksinasiyanın niyə lazım olduğu, yenidən hər hansı bir məhdudiyyətə ehtiyac olub-olmadığı və koronavirusun nə qədər tez məhv ediləcəyi barədə müsahibə verib.

- Niyə peyvənd olunmağın vacib olduğunu düşünürsünüz?

- Ümumiyyətlə, vaksinasiya və xüsusilə də koronavirusa qarşı vaksinasiya epidemiyaya qarşı mübarizənin yeganə etibarlı yoludur. 2018-ci ildə anti-peyvənd aksiyalarının “kollektiv immuniteti” məhv etməsindən sonra Avropada qızılca dalğasının necə yayıldığının şahidi olduq. Kollektiv immunitet dedikdə xəstəliyə qarşı immuniteti olan insanlar nəzərdə tutulur ki, belə insanların əhəmiyyətli sayı bütün cəmiyyətin xəstələnməməsinə imkan verir.

Buna görə də, bu gün kollektiv immuniteti əldə etmək, pandemiyanı dayandırmaq, nəhayət karantindən çıxmaq və həyatı normal yaşaya bilmək üçün aktiv şəkildə vaksinasiya olunmalıyıq.

- Sizcə bu gün nə üçün məhz müəllimlərin peyvənd edilməsinə kəskin ehtiyac var?

- Müəllim ölkənin var-dövlətidir. Yaxşı müəllim olmaq üçün illərlə təhsil və iş təcrübəsi lazımdır, buna görə müəllimləri epidemiyaya itirməyə haqqımız yoxdur. Bu gün müəllimlik yoluxma riski ən çox olan peşələrdən biridir.

Müəllimlər bir-biri ilə, uşaqlarla, valideynlərlə ünsiyyətdə olur. Buna görə də müəllimlər vaksinasiya olunmasa və yoluxsa məktəb bioloji reaktora çevriləcək ki, bu da epidemiyanın geniş miqyaslarda yayılmasını dəfələrlə sürətləndirəcək. Buna görə də müəllimlərə özlərinin yoluxma və başqalarını yoluxdurma riskinin qarşısını almaq üçün vaksinasiya olunmalarını çox tövsiyə edirəm.

- Vaksinasiya prosesini sürətləndirmək üçün peyvənd edilmiş şəxslərə hansısa imtiyazlar verilməlidirmi?

- Ən vacib imtiyaz sağlam olmaqdır. Ancaq ümid edirəm ki, ölkəmizdə peyvənd olunmamış insanlar üçün müəyyən məhdudiyyətlər tətbiq ediləcək ki, bu da vaksinasiya prosesini sürətləndirəcək. Hesab edirəm ki, bu cür tədbirlər olmadan vaksinasiyanı stimullaşdırmaq olduqca çətin olacaq, çünki bu gün fikrimcə bütün ekstremizm əlamətlərinə malik olan və əhalinin səhiyyə sistemi tərəfindən məlumatlandırılması işindən bəzən bir addım irəlidə olan anti-peyvənd təbliğatı aparılır. Buna görə ümid edirəm ki, hökumət peyvənd edilmiş vətəndaşlar üçün müəyyən imtiyazlar tətbiq edəcək. Hazırda gün ərzində aşkar olunan xəstələrin sayı 2000-dən çoxdur, əgər belə davam etsə ölkə yenidən müəyyən məhdudiyyətlər tətbiq etməli olacaq, buna görə də peyvəndlənmiş şəxslərə mütləq müəyyən imtiyazlar verilməlidir.

Bununla yanaşı, insan hüquqları pozulmamalıdır. Yəni peyvəndin vacibliyini israrla tövsiyə edə, izah edə bilərik, lakin heç kimin başqa adamın yerinə, başqa adama nə vurulacağına dair qərar vermək hüququ yoxdur. Buna görə də dediyim kimi cəmiyyəti stimullaşdırmaq və vaksinasiya olunmuşları təşviq etmək lazımdır.

- Sizcə koronavirusu nə qədər tez məhv edəcəyik və peyvənd bu məsələdə hansı rolu oynayır?

- Koronavirusla mübarizədə vaksinasiya əsas rol oynayır. Çünki pandemiya ya çox sayda insanın xəstələnməsindən, səhiyyə sisteminin sadəcə çökməsi və kifayət qədər həkim olmaması səbəbindən xəstələrdən bir çoxunu itirməyimizdən sonra, ya bizim uzun illər boyu karantində qalmağımızdan, yaxud vəziyyətin tez bir zamanda bitməsi üçün cəmiyyətin fəal bir şəkildə vaksinasiya edilməsindən sonra başa çatacaq.

Təəssüf ki, bu günə qədər yalnız, təxminən, 400 min nəfər peyvəndin ikinci dozasını alıb. 10 milyonluq əhalisi olan ölkədə kollektiv immunitetə bunun təsiri azdır. Bu siyahıya xəstəlikdən sağalmışları da əlavə edə bilərik, lakin nüfuzlu Qərb mütəxəssislərinin dediyi kimi, xəstəliyə tutulmuş insanın bir daha yoluxmayacağına dair qəti əminlik yoxdur. Buna görə də sağalmışlara etibar etmək olmaz. Bizim hamımız üçün yeganə xilas yolu kollektiv immunitetdir – yəni peyvəndləmə yolu ilə əhalinin ən azı 70%-nin immunitetinin olması. Buna görə də belə bir vəziyyətdə hər hansı bir vaxt çərçivəsi haqqında danışmaq çətindir.

Nailə Abbasova

Son xəbərlər

Orphus sistemi