Dünyada koronavirusdan ölənlərin sayı 2020-ci ilin mart ayı səviyyəsinə düşüb
- 27 aprel, 2022
- 00:49
Keçən həftə dünyada qeydə alınan COVID-19 ölümlərinin sayı 2020-ci ilin martından indiyədək ən aşağı səviyyəyə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Qlobal miqyasda infeksiyaların və ölüm hallarının sayı azalmaqda davam edir, bu, çox ümidverici və yaxşı xəbərdir", - ÜST rəhbəri deyib.
Baş direktor buna baxmayaraq, bunu ehtiyatla dəyərləndirməyə çağırıb. O, bir çox ölkədə COVID-19 üçün testlərin azaldılmasına diqqət çəkib.
O xatırladıb ki, bu virus öz-özünə yox olmayacaq, çünki ölkələr ona nəzarət etmir.
"Yeni variantın təhlükəsi çox real olaraq qalır və ölümlərin sayı azalsa da, biz hələ də bu xəstəliyə tutulanlar üçün infeksiyanın uzunmüddətli nəticələrini anlamırıq", - baş direktor vurğulayıb.
Aprelin 25-nə olan məlumata görə, ÜST dünyada 507 501 771 koronavirusa yoluxma və 6 220 397 ölüm hadisəsi barədə məlumat alıb.