Bu ilin ilk altı ayında Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlərin həvəsləndirici əlavəsi 3600 manatı keçib.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediatur zamanı deyib.
Onun sözlərinə görə, həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olub:
"Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-da 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin altı ayında bu rəqəm 1206-ya qədər yüksəlib. Buna səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olub. Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk altı ayında isə 3600 manatı keçib”.