Boy hormonu çatışmazlığı olan 450 uşaq pulsuz dərmanla təmin olunub

Boy hormonu çatışmazlığı olan 450 uşaq pulsuz dərmanla təmin olunub İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur.
Sağlamlıq
453
21 Yanvar , 2022 16:26
Boy hormonu çatışmazlığı olan 450 uşaq pulsuz dərmanla təmin olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşağı ödənişsiz müalicə edir.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Qeyd olunub ki, agentlik həmin uşaqları boy hormonu preparatı ilə təmin edir: "Boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir".

Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi bildirib ki, bu problemdən əziyyət çəkən şəxslər üçün preparatlar çox baha olduğundan bir çox ailənin onları almağa maddi imkanı çatmır: "Uşaqların müalicədən məhrum edilməməsi üçün preparatlar Agentlik tərəfindən təchiz edilir. Bu ailələrə xoşbəxtlik nəsib edir və uşaqların gələcəkdə əlil olmasının qarşısını alır. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir".

Onun sözlərinə görə, hər bir qısa boylu uşağa hormon terapiyası istifadə olunmur və sözügedən müalicə üsuluna başlamazdan əvvəl uşaqda böyümə geriliyinin səbəbi müəyyən olunmalıdır: “Böyüməyə təsir edən amildən birincisi genetik faktorlardır. Hər bir uşağın boyu hər iki valideynlərindən alınan gen qrupu ilə təmin edilir. İkinci amil qidalanmadır. Əgər qidalanma pozğunluğu varsa, ilk növbədə bu düzəldilir. Hormon çatışmazlığı varsa, çatışmayan hormon ilə müalicə problemi həll edilir. Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Ancaq hormon yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur. Əks halda, hər bir qısa boylu uşağın hormon terapiyasından faydalanacağına dair bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 10 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Respublika Endokrinoloji Mərkəzin iştirakı ilə müxtəlif tibb müəssisələrinin aparıcı pediatr-endokrinoloqlarından ibarət işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu boyqısalığı olan uşaqların erkən aşkarlanması, diaqnostikası və sübutlara əsaslanan müalicənin aparılması istiqamətində iş aparır. İşçi qrup tərəfindən 2019-cu ildə Azərbaycanda ilk dəfə “Boy Hormonu Çatışmazlığının Diaqnostika və Müalicəsi Üzrə Metodik Təlimat” hazırlanıb. İşçi qrupunun və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə 400-dən çox pediatr və endokrinoloqun iştirakı ilə regionlarda təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi