Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində avqust ayının 14-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.
Bu barədə "Report"a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, icra hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində bu gün, avqust ayının 14-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.