Azərbaycanda işdən çıxarılan həkim-reanimatoloqlar həkim-infeksionist vəzifəsinə keçiriliblər.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Belə ki, Nizami Tibb Mərkəzinin 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının həkim-reanimatoloqları Ombudsmana müraciət edərək, işlədikləri müəssisənin TƏBİB-in tabeliyinə verildiyi üçün onlardan işdən çıxmaları və “Nizami Tibb Mərkəzi” publik hüquqi şəxsinə işə qəbul olunmaları barədə ərizə yazmalarının tələb olunduğunu, həmin ərizələri müdiriyyətə təqdim etmələrinə baxmayaraq, uyğun vəzifəyə təyin edilmədiklərini bildirib, məsələnin araşdırılmasını və əmək hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş ediblər.
Şikayətlə bağlı TƏBİB-ə ünvanlanmış müraciətdən sonra Səhiyyə Nazirliyinin 01.09.2008-ci il tarixli, 119 nömrəli əmrinə dəyişiklik edilməsi barədə 03.06.2015-ci il tarixli, 42 nömrəli əmrinə uyğun olaraq, “Nizami Tibb Mərkəz”ində çalışan on bir anestezioloq-reanimatoloq təhsil sənədlərinə və sertifikasiya şəhadətnamələrinə uyğun olaraq həkim-infeksionist vəzifəsinə keçiriliblər.
Qeyd edək ki, səhiyyə sahəsində reanimatoloq və infeksionist fərqli ixtisaslardır.