Azərbaycanda sümük iliyi köçürülməsi üçün növbə gözləyən şəxslərin sayı açıqlanıb

Azərbaycanda sümük iliyi köçürülməsi üçün növbə gözləyən şəxslərin sayı açıqlanıb "Azərbaycanda sümük iliyi köçürülməsi üçün 117 nəfər növbə gözləyir".
Sağlamlıq
15 Mart , 2022 12:01
Azərbaycanda sümük iliyi köçürülməsi üçün növbə gözləyən şəxslərin sayı açıqlanıb
Nərgiz Əliyeva

"Azərbaycanda sümük iliyi köçürülməsi üçün 117 nəfər növbə gözləyir".

"Report" xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük illiyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin pasiyentlər donoru olan şəxslərdir: "İlə təxminən 30 xəstə əməliyyat edilə bilər".

N.Əliyeva söyləyib ki, ölkə üzrə 3500 talassemiya xəstəsi qeydiyyatdadır: “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Həmin pasiyentlərdə sümük iliyi tam tutub. Mərkəzimizdə müalicə alan pasiyentlərin yaş həddi 3-19 yaş arasında dəyişir. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub".

N.Əliyeva vurğulayıb ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə təkan verir: "Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova isə bildirib ki, istər əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar (kimyaterapiya üçün), istərsə də kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar xəstələrə ödənişsiz verilir.

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir. Xəstəlik, qırmızı qan hüceyrələrindəki hemoqlobinin sintezinin pozulması ilə əlaqədardır. Talassemiya daşıyıcısı olan insanların demək olar ki, xüsusi şikayətləri olmur. Talassemiya daşıyıcısı olduqlarını da çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin, ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25% ehtimalla tamamilə sağlam, 50% ehtimalla talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Son xəbərlər

Orphus sistemi