Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb.
Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.
Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.
Qeyd edək ki, dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.