Bakı. 19 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Gəncə şəhərində olub.
"Report" xəbər verir ki, QSC sədri şəhərdə qurumun tabeliyində olan bir neçə obyektə baş çəkib.
O, həmçinin “Azərbaycan Dəmir Yolları”nın tibb xidmətinin balansında olan səhiyyə ocaqlarına gedib, xəstəxanalarda tibb personalı ilə görüşərək mövcud durumla tanış olub. Cavid Qurbanov QSC-nin tibb xidmətinin balansında olan xəstəxana və poliklinikalarda xidmət səviyyəsinin aşağı olması ilə əlaqədar, onların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə aydınlıq gətirib. Sədr bildirib ki, Cəmiyyətin balansında olan səhiyyə müəssisələri “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində qalacaq. O bu məsələnin Səhiyyə Nazirliyi ilə razılaşdırıldığını qeyd edib.
Cəmiyyət sədri "Azərbaycan Dəmir Yolları”nın tabeliyində fəaliyyət göstərən səhiyyə ocaqlarının gələcək illərdə mərhələli şəkildə təmir olunaraq dəmiryolçuların istifadəsinə veriləcəyini də vurğulayıb.