AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb

AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb.
Sağlamlıq
5 Dekabr , 2023 13:12
AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb.

AQTİ-dən "Report"a verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi, tələbata uyğun olaraq yeni laboratoriyaların açılması, ixtisaslı kadrların işə cəlb edilməsi və sahibkarlıq subyektlərinin qida məhsullarının müayinələrini daha operativ aparmasına şəraitin yaradılması istiqamətində fəaliyyətini davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) fəaliyyətə başlayıb. Gəncə şəhərində yerləşən GRSL bölgədə qida təhlükəsizliyi istiqamətində laboratoriyanın fəaliyyətinə zərurətin yaranması, müvafiq müayinələrin aparılmasına tələbatın olması, eləcə də bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb.

Laboratoriya ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malik GRSL-də ölkədə istehsal edilən, eləcə də idxal və ixrac olunan qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. Müayinələr respublikamızda qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda qeyd edilən keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun aparılır. Müayinələr İSO, NMKL, AOAC beynəlxalq metodlardan istifadə olunmaqla həyata keçirilir. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunaraq müayinə nəticələrinin doğruluğu və dəqiqliyi yoxlanılır.

Qeyd edək ki, bu vaxtadək respublikamızın qərb bölgəsində bitki və heyvan sağlamlığı istiqamətləri üzrə yaradılmış Göygöl və Tovuz Regional Sınaq laboratoriyları fəaliyyət göstərirdi. GRSL-in yaradılması ilə bu regionda həm də ölkədən ixrac olunan və respublikaya gətirilən qida məhsullarının nümunələrinin analizlərinin aparılması və nəticələrin təqdim edilməsi prosesi təşkil olunub.

Onu da bildirək ki, hazırda AQTİ-nin Bakıda və regionlarda ümumilikdə 17 laboratoriyası var. Laboratoriyalar qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də kompleks tədqiqatlar istiqamətlərində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi