Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələridə infotur təşkil edib.
"Report"un məlumatına görə, Media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd qida təhlükəsizliyi tələblərinə uyğun heyvan kəsimi və satışı fəaliyyəti, həmçinin Qurban bayramı ərəfəsində təhlükəsiz və sağlam şəraitdə heyvan kəsimi və satışının həyata keçirilməsi üçün zəruri tədbirlərlə bağlı jurnalistləri məlumatlandırmaq olub.
AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verib.
Qeyd edilib ki, bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının həyata keçiriləcəyi diqqətə çatdırılıb.
“AzProtein Foods Group” şirkətində təşkil olunmuş mediaturda kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Kəsim prosesində baytarlıq-sanitariya qaydalarına əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.
Sevil Seymur