ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC) beynəlxalq uçuşlar həyata keçirən sərnişin təyyarələrinin kanalizasiya sistemlərində istifadə olunan suyu analiz edəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə CDC-dən məlumat verilib.
Beləliklə, bu analizin köməyi ilə mütəxəssislər COVID-19-un yeni ştamlarının yaranmasına nəzarət edəcəklər.
Qurumun mütəxəssislərinin fikrincə, bu üsul koronavirusu izləməkdə və onun ABŞ-a nüfuzunu yavaşlatmaqda daha effektiv olacaq. COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyi Çindən gələn turistlərə son günlər tətbiq edilən məhdudiyyətlər hələ də nəzərəçarpacaq nəticə verməyib. ABŞ-a daxil olan Çin vətəndaşları icbari qaydada COVID-19 testindən keçməlidirlər.
Mütəxəssislər hesab edir ki, təyyarələrdə istifadə olunan suyun təhlili virusun necə mutasiyaya uğraması barədə daha aydın təsəvvür yarada bilər və müvafiq tədbir görülməsinə imkan verə bilər. Məsələn, bu il Kaliforniya ştatında, San Dieqoda tullantı suları üzərində aparılan tədqiqatlar onların tərkibində “alfa”, “delta”, “epsilon” və “omikron” ştamlarının olduğunu ortaya çıxarıb. Özü də onlar insanın nazofarengeal (burun-boğaz – red.) yaxmalarında aşkar olunma ilə müqayisədə suda orta hesabla 14 gün əvvəl üzə çıxıb.