Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək.
R.T.Ərdoğan və V.Putin Suriya məsələsi ilə bağlı Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin cəlb edilməsini, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya “S-400” zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 31-də Azərbaycan səfərindən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirmişdi ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O, V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırdığını vurğulamışdı.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.
R.T.Ərdoğan Rusiyadan sonra noyabrın 14-də Küveytə səfər edəcək.