ABŞ terrorçu PKK-nın Suriyadakı qolunun silahlandırılmasını müvəqqəti dayandıracaq

ABŞ terrorçu PKK-nın Suriyadakı qolunun silahlandırılmasını müvəqqəti dayandıracaq Qəzet ABŞ-ın bu addımı Türkiyə rəsmilərinin etirazına görə atdığını yazıb
Region
2 Noyabr , 2016 12:52
ABŞ terrorçu PKK-nın Suriyadakı qolunun silahlandırılmasını müvəqqəti dayandıracaq

Bakı. 2 noyabr. REPORT.AZ/ “ABŞ Müdafiə Nazirliyi “YPG”yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri - “Report”) silah vermə planını müvəqqəti olaraq təxirə salıb”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” qəzeti Pentaqondakı mənbəyinə əsaslanaraq yayıb.

Məlumata görə, qəzet ABŞ-ın bu addımı Türkiyə rəsmilərinin etirazına görə atdığını yazıb: “Türkiyənin siyasi təzyiqləri və Türkiyə ilə “PYD” (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri - “Report”) arasında ixtilafın davam etməsi səbəbindən belə bir qərar qəbul edilib. Bu qərar Rakkanın İŞİD-dən təmizlənməsi planında daha çox silaha ehtiyac olmadığı və Türkiyə ilə ABŞ arasında mövcud məsələyə dair fikir ayrılığının həll edilməsi üçün qəbul edilib”.

Qeyd edək ki, oktyabrın 27-də ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, İraqın şimalında terrorçu PKK qruplaşmasının məskunlaşmasının qarşısının alınmasında da ortaq mövqe sərgiləyiblər.

Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarına İŞİD-i Rakkadan birlikdə çıxarmağı təklif etmiş və Rakkanın azad edilməsində “YPG”yə ehtiyac olmadığını bildirmişdi: "Onlar əl-Babı da tərk edəcəklər. Mübarizə belə davam edəcək. Oradan sonra Münbiçə, Rakkaya gedəcəyik. Ötən gün axşam Barak Obama ilə uzun-uzadı danışığımız oldu. Məsələ ilə bağlı atacağımız addımları müzakirə etdik. Bunu da söylədim: "Bizim "PYD" - "YPG" (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) terror qruplarına ehtiyacımız yoxdur. PKK, "PYD" və "YPG" - bunlar eyndir. Gəlin, Rakkanı birlikdə azad edək. Bunu etməyə gücümüz də var. "YPG", "PYD" - bunlar bəsit terror qruplarıdır".

İki liderin İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiq etdikləri danışıqda Ərdoğan bölgənin İŞİD və PKK daxil olmaqla bütün terror qruplaşmalarından təmizlənməsinin zəruri olduğuna işarə edərək, Mosuldakı əməliyyatın həssaslıqla aparılmasının əhəmiyyətinə diqqəti çəkmişdi.

Obama Suriya-Türkiyə sərhəd bölgəsini İŞİD-dən təmizləyən "Azad Suriya Ordusu"na dəstək daxil olmaqla, Türkiyənin bu mübarizəyə verdiyi töhfələri təqdir etdiklərini ifadə etmişdi.

Türkiyənin müdafiə naziri Fikri Işık da ABŞ-ın davranışına münasibət bildirmişdi: "ABŞ rəsmiləri PKK - "PYD" ünsürlərinin Münbiçdən çıxdığını söyləyirlər. ABŞ-ın bu məsələdə verdiyi sözə əməl etməsini gözləyirik. Bundan sonra sadəcə sözə deyil, əmələ baxmaq vəziyyətindəyik. Yoxsa, Türkiyə tərəddüd etmədən lazım olanı edər".

Xatırladaq ki, ABŞ terrorçu İŞİD qruplaşmasının əsas mərkəzi sayılan Rakkanın azad edilməsində terrorçu PKK-nın yaratdığı "Suriya Demokratik Gücləri" adlanan silahlılardan istifadə etmək istəyir. Rəsmi Vaşinqton bununla da terrorçu PKK ilə əməkdaşlıq etmədiyinə Türkiyəni inandırmağa çalışır. Bundan başqa, rəsmi Vaşinqton Ankaranın terrorçu “YPG” və “PYD” qruplaşmalarını silahlandırmadğına inandırmağa səy edir.

ABŞ-ın müdafiə naziri Eşton Karter bir neçə həftədən sonra beynəlxalq koalisiya qüvvələrinin Rakkanın azad edilməsi əməliyyatına başlayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi