“Rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilmərik. Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu”, - o bildirib.
Rusiya XİN rəsmisi vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində məhz İrəvan dəfələrlə baş nazir müavinlərinin həmsədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupu vasitəsilə əldə olunmuş konkret razılaşmalara çıxışı “dondurub”.
“O cümlədən Ermənistan tərəfi neçə aylardır 10 noyabr 2020-ci il tarixli yüksək səviyyəli bəyanatın 9-cu bəndinin müddəalarına əməl etməkdən boyun qaçıraraq, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına mane olur”, - M.Zaxarova qeyd edib.