Bəzi istisnalar olmaqla, Xarkov vilayəti bütövlükdə işğaldan azad edilib.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın Xarkov vilayəti hərbi administrasiya rəhbərinin müavini Yevgeni İvanov son durumu şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda hücumlar həm şimaldan, həm Belqorod vilayəti ilə sərhəddən, həm də şərq istiqamətində, Luqanskda davam edir. Təzyiq Xarkov vilayətinin Kupyansk şəhəri üzərindədir.
"Amma il yarımdır ki, düşmən bir dənə də olsun yaşayış məntəqəsindən keçə, bir metr ərazini də ələ keçirə bilmir. Hərbçilərimiz hər gün Rusiyanın hücumlarının qarşısını alır, amma əslində bizim rayon ərazisində heç bir nəticə əldə edə bilmədilər. Düşmən bacarmadı. Eyni zamanda, bu ilin əvvəlindən ərazimizin, o cümlədən Xarkov şəhərinin, Xarkov vilayətinin ərazisinin atəşə tutulmasında güclü artım müşahidə olunur. Biz bunu 2024-cü il yanvarın 1-dən praktiki olaraq müşahidə edirik", - Y.İvanov vurğulayıb.
O, qeyd edib ki, hazırda şəhərin mərkəzində, tarixi mərkəzdə, yaşayış massivlərində amansız hücumlar davam edir: "Bu ilin martında isə enerji infrastrukturuna qarşı hücumlar intensivləşib. Müharibənin bütün tarixində ən ağır atəş bu il martın 22-də baş verdi, o zaman bir gündə 20-dən çox raket bütün enerji isitmə sistemimizi faktiki olaraq məhv etdi. Bu andan etibarən biz üç həftədir, əslində, demək olar ki, bir aya yaxındır ki, ciddi enerjiyə qənaət rejimindəyik, elektrik yoxdur”.
Y.İvanov vurğulayıb ki, şəhər nəqliyyatı, xəstəxana və mühüm müalicə müəssisələrinin fəaliyyətini, vətəndaşların su təchizatını təmin etmək çətindir, amma öhdəsindən gəlirlər: “Vəziyyət çox çətindir. Enerji infrastrukturuna ciddi ziyan dəyib. Baş verən hadisələr və dağıntılarla növbəti istilik mövsümündən çıxmaq son dərəcə çətin olacaq".