İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində voleybol matçında azarkeşlər təyyarə qəzası ilə əlaqədar “Başın sağ olsun, Azərbaycan!” ismarışı veriblər.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Bildirilib ki, Güney Azərbaycanın Urmiya şəhər bələdiyyəsinin voleybol komandasının azarkeşləri bununla Azərbaycan xalqının yanında olduğunu nümayiş etdiriblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.