"Bayraktar" pilotsuz uçuş aparatlarını istehsal edən zavod tikiləcək. Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib".
“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "RBK-Ukraina"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənəd ratifikasiya üçün parlamentə göndərilib: “Artıq şirkətin sahibi Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır. Ukraynada zavodun tikintisinə başlamaq təkcə siyasi deyil, həm də praktik əhəmiyyətlidir. Çünki bu zavodun məhsulları arasında Ukrayna istehsallı komponentlər də olacaq”.
Diplomat deyib ki, təyyarələrin inşası zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə oluna bilər: "Müharibəyə baxmayaraq, şirkətlərimiz öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Ola bilsin ki, nəzərdə tutulan həcmdə deyil, amma bu iş dayandırılmır”.
Eyni zamanda səfir Rusiyanın “Bayraktar”la maraqlanması ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Bunun zavod tikmək və ya dron satmaq planları ilə heç bir əlaqəsi yoxdur. Mən birbaşa bu zavodun sahiblərindən biri ilə danışdım, deyir ki, onların belə planları yoxdur, onlar belə bir şeyi təsəvvür belə edə bilməzlər. Prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalından belə bir izahat var idi ki, “Bayraktar” ətrafında müzakirə yarızarafat üslubunda olub, Putin Ərdoğana deyib ki, siz “Bayraktar”ları Ukraynaya tədarük edirsiniz, gəlin, bizimlə əməkdaşlıq edin. və Türkiyə Prezidenti cavab olaraq sadəcə gülümsəyib. Prezident Ərdoğanın özünün ictimai müstəviyə qaldırdığı sual elə səsləndi ki, yəni Putin bu istiqamətdə əməkdaşlıq təklif edir. Yəni belə bir imkan da var”.
Xatırladaq ki, iyulun 26-da Türkiyə mətbuatı Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiyada "Bayraktar" istehsalını açmağa dəvət etdiyini yazmışdı. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Kremlin təbliğatının manipulyasiyalarını açıqlayıb.
Rusiya mətbuatı informasiyanı elə təqdim etməyə başlayıb ki, sanki əməkdaşlıq məsələsi artıq həll olunub. Bununla belə, "Baykar Makina"nın baş direktoru Haluk Bayraktar daha əvvəl "Bayraktar" pilotsuz təyyarələrinin Rusiyaya tədarük edilməyəcəyini bildirmişdi.