Ukrayna SQ: “Ötən sutkada Rusiyanın 4 helikopteri, 1 təyyarəsi məhv edilib”

Ukrayna SQ: “Ötən sutkada Rusiyanın 4 helikopteri, 1 təyyarəsi məhv edilib” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 15-i yerli vaxtla saat 06.00-a olan ölkədəki durumla bağlı operativ məlumat yayıb
Region
15 Mart , 2022 09:49
Ukrayna SQ: “Ötən sutkada Rusiyanın 4 helikopteri, 1 təyyarəsi məhv edilib”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədəki son durumla bağlı operativ məlumat yayıb.

“Report”un xəbərinə görə, bildirilib ki, müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkət xarakterində əhəmiyyətli dəyişiklik olmayıb, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna və onların arxa infrastrukturuna sarsıdıcı zərbələr endirir.

“Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın dörd helikopterini, bir təyyarəsini və bir raket kompleksini məhv edib”, - Baş Qərargahdan qeyd olunub.

Rəsmi informasiyaya görə, Rusiya qüvvələrinin hücumda iştirak edən qruplaşmaları hərəkət istiqamətlərinin heç bir sahəsində əhəmiyyətli uğur əldə edə bilməyib. Belə ki, onların əsas səyləri hələ də zəbt edilmiş sərhəd ərazilərinin qorunub saxlanılmasına yönəlib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir. Yaralı Rusiya hərbçiləri ələ keçirdikləri ərazilərdəki tibbi müəssisələrin xidmətindən istifadə edir.

Həmçinin vurğulanıb ki, Rusiya ordusu mülki infrastrukturun yerləşdiyi ərazilərə öz hərbi texnikasını yerləşdirir və oradan atəş açır:

“Qarşı tərəfin mənəvi-psixoloji vəziyyəti düşkün olaraq qalır ki, bu da Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur”.

Qeyd olunub ki, Rusiya Mariupolu ələ keçirməyə çalışır: “Ukrayna hərbçiləri işğalçıların hücumlarını uğurla dəf edib. Həmin istiqamətdə düşmənin ümumi itkiləri 150-yə yaxın hərbi qulluqçu, 2 tank, 7 piyada döyüş maşını və bir zirehli transportyor olub. İtkilərdən sonra işğalçılar hücumu dayandırıb geri çəkiliblər.

Artilleriya və aviasiya Rusiya Silahlı Qüvvələrinin irəli istiqamətlərdə cəmləşdirilmiş hərbi karvanını sıradan çıxarıb. Mövcud məlumata görə, artilleriya atəşi nəticəsində 12 maşın məhv edilib.

336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hücum Briqadasının tabor taktiki qrupları da zərər çəkib.

Qara dəniz və Azov əməliyyat zonalarında desant əməliyyatına hazırlıq əlamətləri aşkarlanmayıb”.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan Donetsk və Luqansk “respublika”larını tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərlərini işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Xatırladaq ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Son xəbərlər

Orphus sistemi