Ukrayna Silahlı Qüvvələri limanların qorunması üçün tədbirlər görüb
- 29 iyul, 2023
- 13:09
Ukrayna Silahlı Qüvvələri liman infrastrukturunu qorumaq üçün tədbirlər görüb.
“Report” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk bildirib.
Onun sözlərinə görə, görülən tədbirlər hava hücumundan müdafiə sisteminin maksimum səviyyədə işləməsini təmin etməlidir.
“Ümid edirik ki, görülən tədbirlər kifayət qədər səmərəli olacaq, lakin düşmənin müəyyən fasilə verdiyini müşahidə edərək onun növbəti hücumlara hazırlaşdığı qənaətinə gələ bilərik”, - N.Qumenyuk söyləyib.
Qeyd edək ki, Rusiyanın “taxıl sazişi”ndən çıxmasından sonra Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin Ukrayna limanlarını, xüsusilə də taxıl terminallarını atəşə tutmağa başladığını bəyan edib. Belə ki, iyulun 27-nə keçən gecə Odessa vilayətinin liman infrastrukturuna raket hücumu edilib, nəticədə bir nəfər ölüb.
Britaniya Müdafiə Nazirliyi də Rusiya tərəfinin “taxıl sazişi”ndən çıxmasından sonra Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.