Dünən Türkmənistanda xüsusi təntənə şəraitində dövlət başçısı seçkiləri keçirilib. İnsanlar səhər tezdən Türkmənistan prezidentliyinə mübarizə aparan 9 namizəddən ən layiqlisinə səs vermək üçün konstitusion hüququndan istifadə etmək üçün ölkə üzrə yaradılmış seçki məntəqələrinə gediblər.
"Report"un yerli bürosunun məlumatına görə, mövcud qanunvericiliyə əsasən, martın 11-də Türkmənistanda seçkiqabağı təşviqat başa çatıb və dünən yerli vaxtla səhər saat 7:00-da bütün seçki məntəqələrində səsvermə proseduru başlayıb. Türkmənistanın Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyasının verdiyi məlumata görə, səhər saat 9-a kimi seçicilərin ümumi sayının 25 faizindən çoxu səs verib, saat 11-ə qədər bu rəqəm 51 faizi keçib. Türkmənistanda saat 13:00-a qədər qeydə alınmış seçicilərin 71 faizindən çoxu ifadə azadlığı konstitusiya hüququndan istifadə edib. Saat 15:00-a qədər əhalinin 86 faizindən çoxu, saat 17:00-a qədər isə 93 faizdən çoxu səs verib. Saat 19:00-a qədər, yəni seçki məntəqələri bağlanan zaman seçicilərin 97 faizindən çoxu səs verib.
Ən mühüm ictimai-siyasi aksiyaya tam hazırlıqla yaxınlaşan bütün seçki məntəqələrində xüsusi təntənəli ab-hava hökm sürüb. Türkmənistanın prezident seçkiləri bütün şəhər və kəndlərində yüksək ruh yüksəkliyi şəraitində keçirilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Türkmənistanın paytaxtında və beş vilayətdə ölkədə qüvvədə olan qanunvericiliyə və beynəlxalq hüquq normalarına ciddi riayət olunmaqla keçirilən seçki kampaniyasının yüksək təşkilati səviyyəsi qeydə alınıb.
Bu faktı yerlərdə seçki prosesini izləyən milli müşahidəçilər də tam təsdiqləyib. Müstəqil Dövlətlər Birliyinin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının və xarici dövlətlərin müşahidəçilər missiyasının nümayəndələri də buna əmin olublar. Onların seçkilərin necə keçirildiyi barədə real təsəvvür əldə etmək, türkmən xalqının birlik və həmrəylik mühitini hiss etmək üçün tam imkanları olub.