Türkiyə Xarici İşlər Nazirliyi BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Çindəki Sincan-Uyğur Muxtar Rayonundakı insan haqları ətrafında duruma həsr olunan hesabata münasibət bildirib.
“Report” xəbər verir ki, hesabatı qurumun sözçüsü, səfir Tanju Bilgiç şərh edib:
“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Sincan-Uyğur Muxtar Rayonundakı vəziyyətlə bağlı bu yaxınlarda dərc olunmuş hesabatı regionda yaşayan uyğur türkləri və digər müsəlman azlıqlarla bağlı ölkəmizdə və beynəlxalq ictimai rəydə səslənən narahatlığı təsdiqləyir.
Bu baxımdan, hesabatda yer alan təsbit və qiymətləndirmələri nəzərə almaq vacibdir.
Uyğur türklərinin rifahı və dinc həyatı, onların əsas hüquq və azadlıqlarının qorunması ilə bağlı gözləntilərimiz və həssaslığımız həm Çin rəsmiləri ilə ikitərəfli təmaslarımızda, həm də BMT başda olmaqla beynəlxalq platformalarda vurğulanır.
Eyni zamanda bir müddətdir ölkəmizdən nümayəndə heyətinin, eləcə də Pekindəki səfirimizin Çin Xalq Respublikasının dəvəti ilə Sincan Uyğur Muxtar Rayonuna səfəri gündəmdədir. Əgər anlamlı, əhatəli və maneəsiz ziyarətlərlə bağlı gözləntilərimiz doğrulansa, bu səfərlər mümkün olacaq”.