Türkiyə XİN başçısı İran və Rusiyanı öhdəliklərinə əməl etməyə çağırıb
- 10 yanvar, 2018
- 08:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 yanvar. REPORT.AZ/ “Rusiya və İran Suriyada, xüsusilə İdlib əyalətində atəşkəs rejiminə əməl olunması haqqında verdikləri sözə əməl etmək üçün əllərindən gələni etməlidirlər”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya və İran Suriyada atəşkəs rejiminə təminatçı dövlətlərdəndir: “Onlar Bəşşar Əsəd rejimini İdlibə müdaxiləni dayandırmağa çağırmalıdırlar”.
M.Çavuşoğlu Soçi toplantısından da danışıb: “Ev sahibi Rusiyaya YPG-nin (terrorçu PKK-nın Suriyadakı qollarından biri - “Report”) olduğu şəraitdə olmayacağımızı söylədik. YPG terror qruplaşmasıdır. YPG və PYD (terrorçu PKK-nın Suriyadakı qollarından biri - “Report”) kürdləri təmsil etmir. Fətullahçı Terror Təşkilatı və YPG dəstək verdiyi üçün Türkiyə-ABŞ münasibətləri pozulub. Bu yanlış yoldan dönməyəcəkləri halda münasibətlərin daha da pisləşəcəyi istisna edilmir”.
Qeyd edək ki, yanvarın 9-da Bəşşar Əsədə bağlı silahlılar “terrorçulara qarşı mübarizə” adı altında İdlibi bombalayıblar. Bu əyalət isə Türkiyə hərbçilərinin nəzarəti altındadır.